top of page

Pedaqoji Universitetdə "Gənc İnformatika Müəllimlərinin I Forumu" keçirilib.

Updated: Jun 3



2023-cü il, noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənc İnformatika Müəllimlərinin I Forumu keçirilib.


Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov son illərdə ölkənin təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini söyləyib. Rektor vurğulayıb ki, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir: “Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik göstəricilər və dil bilikləri ilə yanaşı, praktik bilik və bacarıqların, eyni zamanda, səriştənin IT biliklərinin vacibliyi ön plana çıxır”.

ADPU-da bununla bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edən rektor deyib ki, Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən icra olunan “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində nazirlik tərəfindən ADPU-da 160 kompüterdən ibarət yüksəksəviyyəli 5 laboratoriya yaradılıb: “İki ildir ki, universitetin müvafiq ixtisasda təhsil alan tələbələri təlimlərə cəlb olunur. “Twinninq” layihəsi çərçivəsində informatika müəllimliyi ixtisası üzrə tədris planının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Universitetdə 2023/2024-cü tədris ilinin payız semestrində informatika müəllimliyi ixtisasında “Rəqəmsal bacarıqlar” fənni (IV kurs) və “Alqoritmika - Rəqəmsal bacarıqların inkişafı” təlimi çərçivəsində “Python proqramlaşdırma dili” kursu (V kurs) həyata keçirilir. ADPU-nun professor-müəllim heyəti “Moodle” platformasında öz kurslarını yaradıb. Universitetin STEAM Mərkəzi tərəfindən “STEAM metodikası və layihələrin qurulması” təlimi keçirilir, müəllim və tələbələr beynəlxalq texnoloji festivallarda uğurla iştirak edirlər. Elm və Təhsil Nazirliyi ilə “Certiport” şirkəti arasında əməkdaşlıq sahəsində ADPU-da təhsil alan tələbələr və əməkdaşlar üçün “Microsoft Sertifikatlı Təlimçi” imtahanı təşkil olunub”.





Professor C.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycanda həm ali təhsilin, həm də ümumi təhsilin səviyyəsinin müasir dünya trendlərinə uyğunlaşdırılmasında informatika müəllimlərinin üzərinə daha böyük yük düşür: “Gənclərdə informasiya texnologiyaları bacarıqlarının formalaşdırılması həm yüksək nəzəri biliyə, həm də praktik bacarıq və vərdişlərə tam səviyyədə yiyələnmiş informatika müəllimlərinin yetişdirilməsi nəticəsində mümkündür”.


Digər çıxış edənlər müasir dövrdə informatika üzrə dərslik, dərs vəsaitləri və praktik alətlərin vəziyyəti, informatika fənninin ali məktəblərə qəbul imtahanları proqramına daxil edilməsi ilə bağlı yaranan yeni situasiya, ali məktəblərdə informatika tədrisi və ümumən informasiya texnologiyaları bilik və bacarıqlarının inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Forumda ali təhsil müəssisələrinin informatika müəllimliyi ixtisasında təhsil alan IV kurs tələbələri, məzunlar, eləcə də ümumtəhsil məktəblərinin nümayəndələri və gənc müəllimlər iştirak ediblər.




2 views0 comments

Comments


bottom of page